Yaponiyanın ən dərini | Tazava gölü

Yaponiyanın ən böyük gölü və ən tanınmış gölü Biva gölüdür. Bu göl həm də tarixi əhəmiyyəti ilə məşhurdur. Bu dəfə haqqında danışacağım Tazava göl Biva kimi məşhur olmasa da, Yaponiyanın ən dərin gölü hesab olunur. Bu göllə bağlı üzücü məqam isə insan fəaliyyətlərinin qurbanı olmasıdır((

Tazava gölü (田沢湖) Akita prefekturasının Senboku şəhərinin yaxınlığında yerləşir. Şimalında Tovada-Haçimantay Milli Parkı var. Yaxınlıqda yerləşən, ölkənin ən böyük kaldera gölü olan Tovada gölü ilə qarışdırılır. Gölün adındakı heroqliflər “tarla” və “bataqlıq” heroqlifləridir. Meyci dövrünə qədər gölün adı olmayıb, lakin aynular gölə “Tapukopu” deyirdilər. Hətta Tazava sözünün bu sözdən yarandığı deyilir.

Tazava gölü kaldera gölüdür. Sahəsi cəmi 25,9 km kvadrat olsa da, maksimum dərin yeri 423,4 metrdir və buna görə də Yaponiyanın ən dərin gölüdür (orta dərinliyi isə 280 metr təşkil edir). Dünyanın ən dərin 17-ci gölüdür. Göl tamamilə qapalıdır, nə ona çay tökülür, nə də ondan çay başlanğıc götürür.

Göl çox dərin olduğundan qışda donmur. Əvvəllər göl o qədər təmiz idi ki, 1931-ci ildə 31 metr dərinliyə kimi şəffaf idi. Hətta dünyanın ən təmiz gölü Maşu gölü ilə müqayisə olunurdu. Lakin gölün yaxınlığında tikilən SES, kənd təsərrüfatı, Tamaqava onsenindən tökülən turşulara görə bu şəffaflıq 4 metrə düşmüşdür. 1940-ci illərdə suyu o qədər turşumuşdu ki, (pH=4,3) artıq sulama üçün yararsız idi. Gec də olsa, Yaponiya hökuməti başa düşüb ki, gölü xilas etmək lazımdır və 1972-ci ildən əhənglə turşuluğu aradan qaldırmağa çalışır. Lakin göl hələ də öz “xəstəliyindən sağala bilməyib”.

Tazava gölü çox dərin və sahiləri dairəvi olduğundan vulkanik və ya meteorit mənşəli hesab olunur. Gölün ilk dərinliyini 1909-cu ildə Tanaka Akamaro kəndirlə ölçüb (397 metr). 1926-cı ildə Akita balıqçıları kəndirlə 413 metr dərinlik ölçüblər. Geoloq Yoşimura Nobuyoşi 1937-1940-ci illərdə gölün ən dərin yerini 425 metr olaraq təyin edib. Göl çox güman ki, 1,4 milyon il əvvəl yaranıb.

Dediyim kimi, turşulaşma fəlakəti gölün heyvanlar aləminə də ziyan vurub. Ondan öncə göldə kunimasu, ilan balığı, nerka, ivana, çəki balığı, çar, naxa, çömçə balığı yaşayırdı. İndi isə göldə ancaq çömçə balığı yaşayır, kunimasuların nəsli isə kəsilmək üzrədir.

Bu göllə bağlı yerli əfsanə də var. Əfsanəvi gözəl qız Tatsuko həmişə cavan və gözəl qalmaq üçün ölümsüz olmağı arzulayıbmış və sonda gölün ilahəsinə çevrilibmiş. Hətta gölün qərb sahilində 1968-ci ildə Yasutake Funakoşi tərəfindən hazırlanmış Tatsuko heykəli qoyulub.

Göldə yerləşən Tatsuko heykəli

Gölün sahilləri turizm üçün yaxşı inkişaf etdirilməyib. Ancaq şərq sahilində avtobus dayanacağı, dükanlar, restoranlar, kirayə velosipedlər və gəzinti qayığı limanı (Şirahama) yerləşir. Gəzinti qayıqları aprel-noyabr ayları arasında fəaliyyət göstərir, Tatsuko heykəlinə qədər aparıb gətirir. Səyahət 40 dəqiqə davam edir, 1200 yenə başa gəlir. Yaxınlıqdakı Katamaeyama meşə parkı da görməli yerlərdəndir.

Gölün ətrafına bir çox onsen yerləşir. Nyuto onseni ən tanınmışdır və şərqdə yerləşir. Tsuru-no-Yu ən populyarıdır, adambaşı üçün 500 yen ödənilir. və Akita-Komaqatake dağına görə göl tez-tez ziyarət edilir. Tae-no-Yu da tanınmış onsendir, lakin daha az adam olan və daha modern onsendir. Gölün şimal sahilində Qoza no İşi ibadətgahı yerləşir. Əfsanəyə görə qədim zamanlarda feodal lordlar bu məbədə gəlib suyun rənginə olan heyranlıqlarını bildirirdilər.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma