Bu dəfə Kioto şəhərinin maraqlı bir yerindən danışacam: Nişiki bazarı (錦市場). Bazar Şico küçəsinin şimalında ona paralel və Teramaçi küçəsinin qərbində yerləyir.

Buranı bəzən “Kiotonun mətbəxi” adlandırırlar. Burada ilk dəfə 1310-cu ildə burada bir neçə adi balıqçı dükkanı açılıb. Lakin növbəti əsrlər boyunca elə genişlənib ki, şəhərin əsas dəniz məhsulları və yerli məhsullar satılan nöqtəsinə çevrilib. Burada bəzi ailələr neçə nəsildir ki, mağazalarını idarə edirlər.

Bazar öz dar küçələri ilə seçilir. Bazar düz 5 blok boyunca uzanır. Küçələri dar olsa da, geniş stendlər bazarı olduğundan daha böyük görsədir və ənənəvi şotenqay stilindədir. Buradakı stendlərin sayı 150-dən çoxdur. Bazar səhər saat 10-dan axşam saat 6-ya kimi fəaliyyət göstərir. Bazarda bir çox maraqlı qida məhsulları tapmaq olar: moçi kimi ənənəvi Yaponiya şirniyyatları, Yaponiya turşuları, bir çox yolla hazırlanmış qırmızı şirin lobyalar və Kiotonun məşhur tofusu.

Adətən yeməklərin dadına baxmaq pulsuzdur, lakin bəzi bahalı məhsulları dadmaq üçün bir neçə yendən keçmək lazımdır. Nişiki bazarı qəribə yeməkləri də tanınır. Burada barbekü edilmiş bildirçinlər, soya donutları, qızardılmış kalmar, şəkərlənmiş kinkanlar tapa bilərsiniz. Ən qəribəsi “Tako tamaqo” adlı yeməkdir. Bu yemək osminoqun başına daxil edilmiş bildirçin yumurtalarının iştirakı ilə hazırlanır. Dayyasu adlı mağazada isə çiy istridyələr satılır.

Tako tamaqo

Bazarda ancaq yemək məhsulları satılmır. Məsələn, 1560-cı ildən fəaliyyət göstərən, Yaponiyada ən yaxşı bıçaq düzəldən dükkanlardan biri olan Aritsuqu burada yerləşir. Dükkanın qurucusu Fucivara sülaləsindən olub və artıq 18 nəsildir ki, dükkanı idarə edirlər. “Ichihara Heibei” adlı dükkan isə çopstik hazırlamaq üzrə ixtisaslaşıb. Burada yüzlərlə çeşiddə olan çopstiklər tapa bilərsiz.

Bazarın ətrafında Gogyo Ramen, Tiger Gyoza, Donguri, The Snoopy kimi kafelər fəaliyyət göstərir. Tenmaqu ibadətgahı da yaxınlıqdadır.

Bura gələrkən özünüzlə çoxlu pul və boş mədə gətirin))