Yaponiyanın məbəd markaları

Şuin (朱印) ibadət edənlərin, Şinto və buddist məbədlərini ziyarət edənlərin məbədlərdə və kitab evlərində satılan şuinço (朱印帳) adlı xüsusi kitabçalarda topladıqları möhür markalarıdır. Sözün yazılışındakı birinci kanci “qırmızı/narıcını mürəkkəb”, ikinci kanci isə “marka” deməkdir. Şuinlərin qiyməti 300-1000 yen arasında dəyişir, bəzi yerlərdə isə məbləğ əvəzinə maddi yardım istəyə bilərlər.

Bu möhür markaları müxtəlif cür hazırlanır, lakin əvvəlcə dizayn səhifəyə damğalanır, daha sonra rahib və ya kannuşi məbədin adını, tarixi və digər mesajları yazır. Qurudulmağa qoyulur və mürəkkəbi çəkməsi üçün üzərinə incə kağız yerləşdirilir.

Festivallar və digər xüsusi tədbirlər zamanı bəzi məbədlərdə bunun əvəzinə əvvəlcədən hazırlanmış şuin kağızları verirlər. Evə qayıdanda onları şuinçoya yapışdırmaq olur.

Şuinin mənşəyi bağlı bir çox nəzəriyyə var. Bir nəzəriyyəyə görə şuinin mənşəyi Nara dövründə (710-794) Yaponiyanı gəzən ziyarətçilərin məşhur məbədləri ziyarət etməsi ilə bağlıdır. Müəyyən yeri ziyarət edib müqəddəs əşya və ya sutra atanda, qarşılığında şuin verilirdi. Bir növ təşəkkür bildirən qəbz kimi.

Yaponiyada 20-30 yaşlı şəxslər arasında şuin kolleksiyası edənlərə çox rast gəlmək olar. Hətta şuin yığmaqla məşğul olan qızlar üçün Şuin qızı termini ortaya çıxarılıb.

Şuin kolleksiyası üçün birinci növbədə şuinço almaq lazımdır. Bəzən onları o biri dünyaya pasport adlandırırlar. Bir çox məbəddə 2-5 fərqli rəng və dizaynda şuinço satır. Qiymətləri 1000-2500 yen arasında olur. Kitab evlərində də tapmaq olar, lakin onlar xüsusi dizaynlı və daha bahalı (3500-6000 yen arasında) olur. Hətta şuinçolar üçün xüsusi çantalar və aksesuarla da satılır. Bir şuinçoya 20-40 möhür əlavə etmək olur. Şuinço əvəzinə hansısa adi dəftərə şuin əlavə etmək olmaz.

Daha sonra bir məbədə getmək lazımdır. Çox kiçik məbədlər ancaq Yeni ildə və xüsusi tədbirlər zamanı şuin satır, lakin böyük məbədlərdə il boyunca şuin tapmaq olar. Buddizmin Codo Şinşu qoluna mənsub məbədlərin çoxu şuin vermir. Buddist məbəd ərazisində Qoşuinco (御朱印所), Şuinco (朱印所) və ya Nokyoco (納経所), şinto məbədi ərazisində isə Qoşuinco (御朱印所), Cuyoco (授与所) və ya Şamuşo (社務所) yazılan yerlərə yaxınlaşaraq şuin almaq mümkündür. Kansay regionundakı 33 buddist məbədini ziyarət etməklə həyata keçirilən Sayqoku Kannon ziyarəti və ya Şikoku regionundakı 88 buddist məbədini ziyarət etməklə həyata keçirilən Şikoku ziyarəti ilə xüsusi şuin almaq olar.

Məbəddə şuin üçün növbə.

Bəzi məbədlər şuinləri ilə çox tanınır, buna görə də şuin toplamaq üçün uzun növbələr yaranır. Yaponiyada kitab evlərində ən gözəl və ən məşhur şuinlərin siyahıları olan qəzet və jurnallar tapmaq olar. Bu cür jurnallar ziyarətçiyə qoşuin mequri (şuin turu) etməkdə kömək edir.

Şuinlər gözəl incəsənət nümunələri olsa da, onları hədiyyə kimi başqasına vermək olmaz. Şinto və buddizm inananları bunları təhqir kimi də qəbul edə bilərlər. Şuin ziyarətçi ilə məbəd arasında müqəddəs əşyadır, onu vermək xeyir-duanı vermək deməkdir.

Mənbələr:

Bir şərh yazın